Dünya enerji bazarında ciddi dəyişikliklər müşahidə olunur. 2026-cı ilin yaz aylarının ilk iki ayının nəticələrinə əsasən, qlobal neft ehtiyatları rekord sürətlə azalmağa başlayıb.
Bloomberg nəşrinin Beynəlxalq Enerji Agentliyi məlumatlarına istinadən yaydığı xəbərə görə, ehtiyatlar gündəlik orta hesabla təxminən 4 milyon barel həcmində azalır. Bu dinamika əsasən ABŞ, Almaniya və Yaponiyada enerji resurslarına artan tələbat fonunda qeydə alınıb.
Hörmüz boğazı böhranı bazarı silkələyir
Analitiklərin fikrincə, Yaxın Şərqdə baş verən hadisələr vəziyyəti daha da gərginləşdirir. Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış böhran qlobal neft tədarükünə birbaşa təsir göstərir. Regionda davam edən münaqişə səbəbindən bu mühüm marşrut üzrə daşımalar ciddi şəkildə məhdudlaşıb.
Ekspertlər qeyd edirlər ki, böhran başlamazdan əvvəl dünya üzrə neft daşımalarının böyük hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilirdi. İranın bu strateji istiqamətdə nəqliyyatı məhdudlaşdırması nəticəsində bazarda təklif azalıb və qiymətlər sürətlə yüksəlib.
Hazırda bir barel neftin qiyməti pik həddə yaxınlaşaraq təxminən 120 dollar civarında qərarlaşıb. Bu vəziyyət bir çox ölkələri təcili tədbirlər görməyə vadar edib. Bir sıra dövlətlər artıq strateji yanacaq ehtiyatlarını bazara çıxarmağa başlayıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Hörmüz boğazında gəmiçiliyin tam bərpası üçün bir neçə ay tələb oluna bilər. Bu müddət ərzində isə qlobal bazarda qiymətlərin yüksək səviyyədə qalacağı və qeyri-sabitliyin davam edəcəyi gözlənilir.





