Reklamlarla bağlı həddindən artıq vədlər verilir, amma real nəticələr çox vaxt fərqli olur. Hər gün insanların “Reklamda çox tərifləyirdilər, aldım, amma gözlənilən keyfiyyəti vermədi” kimi ifadələrinə şahid oluruq. Bəs bu cür yanıltıcı reklamların məsuliyyətini kim daşıyır və qanunvericilik bu hallarda hansı tədbirləri nəzərdə tutur?
“Daylinews-az.com”nun məlumatına görə, “Reklam haqqında” Qanuna əsasən, reklam istehlakçıların diqqətini məhsula müxtəlif vasitələrlə cəlb etmək, maraq oyatmaq və satışını stimullaşdırmaq məqsədi daşıyan məlumatdır. Bu məlumat məhsulun bazarda tanıdılması üçün təqdim olunur və onun haqqında məlumat verilməlidir.
İlk növbədə qeyd edək ki, yalnız lisenziyalaşdırılmış və sertifikatlaşdırılmış məhsullar, müvafiq sənədlər olduqda reklam edilə bilər. Reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və verən orqanın adı mütləq qeyd olunmalıdır. Reklam qanunla icazə verilən üsullar vasitəsilə istehlakçıların marağını cəlb etməli və həmin məhsul haqqında düzgün məlumat verməlidir. Məhsulun reklamı istehlakçılarda maraq yaratmaqla yanaşı, onların seçim imkanlarını da genişləndirməlidir.
Reklam isə istehlakçını aldatmamalıdır. Yanıltıcı reklamlar, istehlakçılarda çaşqınlıq yaradan və rəqiblərin məhsullarını pisləyən reklamlar haqsız sayılır. Haqsız reklamlar qanunla qadağandır və buna yol verilmir.
Reklam qanunvericiliyinin pozulması cinayət və inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər saxta məlumatlardan istifadə edərək reklam yaratdıqları üçün 200-500 manat, vəzifəli şəxslər 800-1200 manat, hüquqi şəxslər isə 4000-6000 manat arasında cərimə edilə bilər.
Həmçinin, media qurumları da reklam qanunlarına riayət etməlidirlər. Audiovizual, çap və onlayn media vasitələri “Media haqqında” və “Reklam haqqında” qanunlara zidd reklam yerləşdirdikləri üçün vəzifəli şəxslər 2500-3500 manat, hüquqi şəxslər isə 8000-10000 manat arasında cərimə ödəməyə məcbur edilə bilərlər.
Əgər reklam nəticəsində istehlakçılara xeyli miqdarda ziyan vurulursa, bu artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 198-ci maddəsinə görə, bilə-bilə yalan reklam yaratmaq və bunun nəticəsində xeyli ziyan vurulması cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ziyan daha böyük miqdarda olarsa, cərimə üç dəfə artırıla bilər və ya azadlıqdan məhrumetmə müddəti 2 ilədək ola bilər.
Burada “xeyli miqdar” 50 000 manatdan yuxarı, “külli miqdar” isə 200 000 manatdan artıq ziyan anlamına gəlir.
Reklam vasitəsilə istehlakçıya vurulmuş ziyan isə yalnız məhkəmə qərarı ilə təqsirkar bilinmiş subyekt tərəfindən ödənilir.