Roma Papası Fransiskin (əsl adı Xorxe Mario Berqolio) 21 aprel 2025-ci il tarixində vəfat etməsinə səbəb olan tibbi diaqnoz rəsmi şəkildə açıqlanıb. Vatikanın verdiyi məlumata görə, 88 yaşlı pontifik beyin insultu keçirmiş, nəticədə koma vəziyyətinə düşmüş və ürək fəaliyyəti dayanmışdır.
Rəsmi tibbi hesabatdan əsas məqamlar:
- Beyin insultu (serebral insult) və koma
- Geri dönməz kardiosirkulyator çökmə
- İkili mikroblarla yoluxmuş sətəlcəm (multimikrob ikitərəfli pnevmoniya)
- Kəskin tənəffüs çatışmazlığı
- Yüksək qan təzyiqi
- Tip 2 şəkərli diabet
- Çoxsaylı bronxoektaziya (ağciyərlərdə genişlənmiş bronx yolları)
Papaya bu diaqnozlar əsasında göstərilən tibbi müdaxilələr nəticəsiz qaldı və o, səhər saat 07:35-də (Bakı vaxtı ilə 09:35) Vatikanın Müqəddəs Marfa Evində dünyasını dəyişdi.
Papadan vəsiyyət: Sadə məzar, təvazökar vida
Vatikanın Mətbuat Xidməti tərəfindən yayımlanan vəsiyyətə əsasən, Fransisk özünü Roma şəhərində yerləşən Santa Mariya Madjore Bazilikasında dəfn edilməsini istəmişdir. O, xüsusi olaraq aşağıdakıları qeyd etmişdir:
- Məzar sadə və bəzəksiz olsun
- Sadəcə “Fransisk” yazısı ilə qeyd edilsin
- Torpaqda dəfn olunsun
- Dəfn xərcləri xeyriyyəçi tərəfindən qarşılanacaq
Fransiskin bu istəkləri artıq bazilika rəhbərliyinə çatdırılıb və onun son arzularının yerinə yetirilməsi üçün hazırlıqlar başlanıb.
Ritual mərasimi: Ölümün rəsmən təsdiqi
Vatikanın Mətbuat Xidməti rəhbəri Matteo Bruni jurnalistlərə açıqlamasında bildirdi ki, pontifikin ölüm faktı 21 aprel tarixində keçirilən xüsusi ritualla təsdiqlənib. Təxminən bir saat davam edən mərasimdən sonra cənazə tabuta yerləşdirilib. Hazırda Fransiskin cənazəsi Müqəddəs Marfa Evindəki kiçik kilsədə saxlanılır.





