Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın atəşkəs təşəbbüsünə reaksiya vermək əvəzinə hücumları daha da gücləndirdiyini açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, təklif olunan atəşkəsin qüvvəyə minməsinə saatlar qalmış ölkənin müxtəlif şəhərləri intensiv zərbələrə məruz qalıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, Moskva münaqişənin dayandırılması istiqamətində heç bir addım atmır, əksinə, mülki əhaliyə qarşı hücumları artırır.
Onun sözlərinə görə, Kramatorsk şəhərində mərkəzə endirilən aviazərbə nəticəsində azı 5 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Zaporoje şəhərinə edilən hücumda isə ən azı 12 nəfərin öldüyü bildirilib. Dniproda axşam saatlarında həyata keçirilən zərbə nəticəsində də 4 nəfər həyatını itirib.
Nazir: ‘Rusiya sülh təşəbbüslərinə cavab vermək əvəzinə terrorunu gücləndirir’
Sibiqa vurğulayıb ki, Ukraynanın atəşkəs təklifinə Rusiya tərəfindən konstruktiv yanaşma yoxdur. O, bu vəziyyəti belə şərh edib:
“Ukraynanın təklif etdiyi atəşkəsin qüvvəyə minməsinə az vaxt qalsa da, Rusiya müharibəni dayandırmağa hazırlaşdığına dair heç bir siqnal vermir. Əksinə, hücumlar intensivləşir. Təklifə açıq cavab vermək əvəzinə, onlar öldürməyə, yalan danışmağa və məsuliyyəti inkar etməyə davam edirlər”.
Nazir həmçinin beynəlxalq ictimaiyyəti daha sərt mövqe sərgiləməyə çağırıb. Onun sözlərinə görə, dünya liderləri və beynəlxalq təşkilatlar bu hadisələrə aydın və prinsipial reaksiya verməlidir:
“Bütün dövlət rəhbərlərini və beynəlxalq qurumları açıq və qəti mövqe ortaya qoymağa çağırırıq. Sülhün tərəfində olun və bunu açıq şəkildə bəyan edin”.





