Bu gün “Sarsılmaz Tərəfdaşlıq-2025” adlı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və Birləşmiş Ərəb Əmirlikləri Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən birgə hərbi təlim uğurla sona çatıb. Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin vətən uğrunda şəhid olmuş qəhrəmanları iki dəqiqəlik sükutla anılıb.
Mərasimdə hərbi orkestr tərəfindən Azərbaycan və BƏƏ dövlət himnləri səsləndirilməsi, bayraqların qaldırılması ilə rəsmi hissə baş tutub. Tədbirdə çıxış edənlər bildirmişlər ki, bu birgə təlimlər hər iki tərəfin xüsusi təyinatlıları arasında təcrübə mübadiləsinə, döyüş hazırlığının yüksəldilməsinə və əlaqələrin daha da gücləndirilməsinə böyük töhfə verir.
Təlimlər zamanı fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi aparılıb. Bağlanış mərasimində bütün iştirakçılar xatirə fotosu çəkdiriblər.





