EvİqtisadiyyatSu tarifləri ilə bağlı Tarif Şurasına rəsmi müraciət olunub

Su tarifləri ilə bağlı Tarif Şurasına rəsmi müraciət olunub

Azərbaycanda suyun qiymət siyasətinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası çərçivəsində Tarif Şurasına rəsmi müraciət ünvanlanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yaydığı məlumata görə, Prezidentin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş Milli Strategiyada su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib. Bu sənəddə tarif siyasətinin yenilənməsi və diferensiallaşdırılması xüsusi yer tutur.

Tarif siyasətində yeni yanaşma

Agentliyin açıqlamasında bildirilir ki, su ehtiyatlarının effektiv idarə edilməsi üçün tariflərin sosial-iqtisadi vəziyyət və investisiya ehtiyacları nəzərə alınmaqla diferensiallaşdırılması planlaşdırılır. Bu mexanizm:

  • su təsərrüfatında vahid və müasir idarəetmə modelinin formalaşdırılmasına,
  • dövlət-özəl tərəfdaşlığının genişlənməsinə,
  • maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edəcək.

Tarif siyasətinin yenilənməsi xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılmasını nəzərdə tutur. Buraya istismar, xidmət, texniki qulluq və investisiya xərcləri daxildir. Məqsəd tariflərin məhz bu göstəricilər əsasında formalaşdırılmasıdır.

Milli Strategiyanın Tədbirlər Planında beynəlxalq təcrübəyə uyğun diferensiallaşdırma mexanizmlərinin hazırlanması və mərhələli tətbiqi ayrıca tədbir kimi göstərilib.

Keçidin pilot layihələr və regional qiymətləndirmələr əsasında həyata keçirilməsi nəzərdə tutulur. Qurum vurğulayıb ki, tarif siyasətində dəyişiklik yalnız qiymət artımı ilə bağlı deyil. Əsas hədəf su təsərrüfatı sisteminin modernləşdirilməsi və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsidir.

Milli Strategiyanın qarşıya qoyduğu məqsədlərə uyğun olaraq ADSEA müvafiq dövlət qurumuna rəsmi müraciət ünvanlayıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər