Dünyaca məşhur rok qrupu The Rolling Stones bu yay böyük tur planlarını təxirə salaraq studiyaya qapandı – qrup artıq 31-ci studiya albomu üzərində işləyir. Məşhur musiqiçilər Sir Mik Caqqer, Kit Riçards və Ronni Vud bu ilin aprel ayından bəri Londonda yerləşən Metropolis Studios-da yeni layihələrini yazmaqla məşğuldur.
Böyük Britaniyanın The Sun nəşrinin məlumatına görə, Rolling Stones artıq 13 mahnı yazıb və yeni albomun buraxılış tarixi müzakirə olunur. Layihədə yenidən məşhur prodüser Endryu Vatt iştirak edir – o, 2023-cü ildə çıxan və qrupun 18 ildən sonra ilk orijinal işi olan Hackney Diamonds albomunun da prodüseri idi.
Qrup eyni zamanda Ronni Vudun Rolling Stones-a qoşulmasının 50 illiyini qeyd etmək üçün 1976-cı ilin “Black and Blue” albomunun remaster versiyasını da hazırlayır. Noyabr ayında təqdim olunacaq bu xüsusi buraxılışa iki yeni trek də daxil ediləcək.
The Rolling Stones-un 2025-ci il üçün planlaşdırılan Böyük Britaniya və Avropa turu təxirə salınıb. Qərarın əsas səbəbi məkan çatışmazlığı və logistika çətinlikləri olub.
Qısa arayış
- Qrupun ilk albomu “The Rolling Stones” 17 aprel 1964-cü ildə buraxılıb.
- Rolling Stones bu günə qədər dünya üzrə 250 milyondan çox albom satışı ilə musiqi tarixində iz qoyub.





