Amerikalı alimlər mədəaltı vəzi xərçənginə qarşı yeni və perspektivli peyvəndin sınaqlarını həyata keçirir. Klivlend Klinikasının və Keyz Vestern Resevr Universitetinin alimləri tərəfindən hazırlanan bu innovativ preparat bədənin immun sisteminə şiş hüceyrələrini tanımağı və məhv etməyi “öyrədir”.
Ən ölümcül xərçəng növlərindən birinə qarşı ümid
Mədəaltı vəzi xərçəngi tibbdə ən ölümcül onkoloji xəstəliklərdən biri hesab olunur. Statistikaya görə, xəstələrin cəmi 13%-i diaqnozdan sonra 5 ildən çox yaşayır. Bu xərçəngin təhlükəsi ondadır ki, əlamətləri çox gec – adətən, metastaz mərhələsində – üzə çıxır. Mövcud müalicə üsulları (əməliyyat, kimyaterapiya, şüa terapiyası) yalnız ömrü qismən uzatmaq imkanına malikdir.
Peyvənd necə işləyir?
Yeni peyvənd spesifik antigenlər vasitəsilə immun sistemin T-hüceyrələrini aktivləşdirir. Bu antigenlər mədəaltı vəzi şişlərinin ən çox rast gəlinən mutasiyalarına əsasən sintez olunub. Beləliklə, immun sistem sağlam hüceyrələrlə xəstə hüceyrələri fərqləndirməyi öyrənir və sonunculara qarşı güclü müdafiə reaksiyası yaradır.
Professor Çjen-Jun Lu-nun rəhbərlik etdiyi tədqiqat qrupu bu prosesdə lipid nanohissəciklərindən istifadə edir. Bu texnologiya son 20 ildə dərman daşıyıcıları kimi geniş tətbiq olunur və təhlükəsizliyi ilə seçilir.
Aparılan doklinik sınaqlar ümidverici nəticələr verib: peyvənd olunan siçanların yarısında bir neçə aydan sonra xərçəng izinə rast gəlinməyib. Alimlər bunu «heyrətamiz nəticə» adlandırırlar.
Ənənəvi fərdiləşdirilmiş terapiyalardan fərqli olaraq, bu peyvənd geniş xəstə qrupuna tətbiq oluna bilər. Onu üç doza ilə tətbiq etmək və immun cavabı artıran dərmanlarla (ingibitorlarla) birgə istifadə etmək planlaşdırılır.
Alimlərin ümidinə görə, bu texnologiya gələcəkdə yalnız müalicə deyil, həm də irsi risk daşıyan şəxslər üçün profilaktika məqsədilə də istifadə oluna bilər.





