TikTok London ofisində təxminən 300 əməkdaşını, həmçinin Cənubi və Cənub-Şərqi Asiyada bir neçə onlarla işçisini ixtisar edib. Bu barədə Techspot məlumat yayıb.
Şirkətin açıqlamasına görə, qərar qlobal restrukturizasiya çərçivəsində qəbul olunub. İşlər əsasən Lissabon və Dublin kimi regional mərkəzlərdə cəmlənəcək, kontentin idarə olunması isə getdikcə daha çox süni intellektin avtomatlaşdırılmış alətlərinə həvalə ediləcək.
Uğursuz vaxtlama tənqidlərə səbəb olub: ixtisarlar London əməkdaşlarının həmkarlar ittifaqı yaratmaq üçün səsverməsindən cəmi bir həftə əvvəl elan edilib. Kommunikasiya sahəsi işçilərinin CWU ittifaqının nümayəndəsi Con Çedfild bildirib ki, TikTok insan moderatorlarını tamamilə süni intellektlə əvəzləməyə çalışır.
Rəsmi rəqəmlərə görə, platformada qaydaları pozan kontentin artıq 85%-dən çoxu alqoritmlər tərəfindən insan müdaxiləsi olmadan silinir. Ötən il şirkət Malayziyada da 500-dən çox moderatoru işdən çıxarmışdı.
Bu tendensiya təkcə TikTok-a aid deyil: Cisco və Oracle da bu il süni intellekt inteqrasiyası səbəbindən işçi ixtisarlarını elan ediblər.





