İstanbulun Baş prokuroru Akın Gürlek futbolda qanunsuz mərc oyunları ilə əlaqədar aparılan genişmiqyaslı istintaq barədə açıqlamalar verib. Məlumata görə, artıq 6 hakim, bir klub prezidenti və bir jurnalist saxlanılıb, futbolçular da istintaqa daxil ediliblər.
Baş prokuror vurğulayıb ki, aparılan araşdırma Türkiyə Futbol Federasiyasının həyata keçirdiyi yoxlamalardan fərqlidir: “Federasiyanın Peşəkar Futbol İntizam Qurumu futbolçulara verilən cəzalarla bağlı məlumatları bizə təqdim edir və biz də lazımi hüquqi tədbirləri görürük. Federasiyanın tətbiq etdiyi cəzalardan fərqli olaraq, bizim istintaq ciddi məhkəmə araşdırmalarını əhatə edir.”
Akın Gürlek əlavə edib ki, Türkiyə istintaqı UEFA və İnterpol ilə sıx əməkdaşlıq içərisindədir: “Onlar bizə mərc oyunları ilə bağlı siyahılar təqdim edirlər. Yaxın zamanlarda daha bir əməliyyat həyata keçirə bilərik. Bu əməliyyatlarda təkcə hakimlər deyil, həmçinin həbs olunacaq klub prezidentlərinə də rast gəlmək mümkündür.”
Baş prokuror həmçinin qeyd edib ki, ölkədə qanunsuz mərc oyunlarının böyük əksəriyyəti xarici qeyri-qanuni saytlarda baş verir və bu, istintaqın önəmli istiqamətlərindən biridir.





