Avrokuboklarda həftənin matçlarından sonra Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq 28-ci pillədə qərarlaşıb.
daylinews-az.com report-a istinadla xəbər verir ki, II təsnifat mərhələsinin cavab görüşlərinin ardından ölkənin əmsalı 18.750-yə yüksəlib.
Cari mövsümdə qazanılmış əmsal 1.625-ə çatıb. Ukrayna (19.225) 27-ci, Rusiya (18.299) 29-cu mövqedədir.
Bu həftə Azərbaycan təmsilçilərindən “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı cavab oyununda İrlandiyanın “Şelburn” komandasını minimal hesabla məğlub edib – 1:0. Səfərdə rəqibini üç cavabsız qolla yenən “köhlən atlar” növbəti raundda Şimali Makedoniya klubu “Şkendiya” ilə qarşılaşacaq.
“Sabah” UEFA Konfrans Liqasında Moldovanın “Petrokub” təmsilçisinə imkan verməyib. Səfərdə 2:0 hesablı qələbə qazanan “bayquşlar” ötən gün evdə 4:1 hesabı ilə üstün gəlib və III təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Araz-Naxçıvan” Yunanıstanda “Aris”lə heç-heçə oynayıb – 2:2. Bu, Bakıda qalib gələn (2:1) Naxçıvan klubunun növbəti mərhələyə yüksəlməsinə yetərli olub.
“Zirə” isə Xorvatiyadakı matçın əlavə vaxtında “Hayduk”a məğlub olub – 1:2. Bakıda rəqibi ilə bərabər qalan (1:1) “qartallar” avrokuboklarda mübarizəni dayandırıb.
Qeyd edək ki, “Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya), “Araz-Naxçıvan” Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.





