Ukrayna üçün enerji təhlükəsizliyi məsələsi prioritet olaraq qalır və bu kontekstdə Azərbaycan neftinin rolu xüsusi vurğulanır. Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Sergey Naqornyak bildirib ki, həm Azərbaycan, həm də Qazaxıstan neftinin daha böyük həcmdə Avropa bazarına yönləndirilməsi region üçün strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu ölkələr Ukrayna üçün təkcə tərəfdaş deyil, eyni zamanda enerji sahəsində mühüm dəstək göstərən dövlətlərdir: “Biz Azərbaycan və Qazaxıstanı yaxın tərəfdaşlarımız kimi qiymətləndiririk. Bu ölkələr bu gün Ukraynaya, xüsusilə enerji sektorunda kömək edir. Biz də öz növbəmizdə onların təşəbbüslərini dəstəkləyirik”.
SOCAR və enerji əməkdaşlığı genişlənir
Deputat Azərbaycanın Ukraynadakı fəaliyyətinə də xüsusi diqqət çəkib. O qeyd edib ki, ölkədə Azərbaycan dövlət şirkəti SOCAR-ın yanacaqdoldurma məntəqələri artıq fəaliyyət göstərir və bu şəbəkə yerli əhali tərəfindən aktiv istifadə olunur.
Naqornyak əlavə edib ki, bu əməkdaşlıq daha da genişlənə bilər: “Ümid edirəm ki, bu, Ukraynada fəaliyyət göstərəcək son şəbəkə olmayacaq. Biz əməkdaşlığa açığıq və Azərbaycanın enerji sahəsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”.
Onun fikrincə, bu cür layihələr iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə və enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir.
Enerji bazarında gərginlik davam edir
Deputat həmçinin bildirib ki, hazırda həm Ukraynada, həm də Avropada enerji bazarında vəziyyət mürəkkəb olaraq qalır. Xüsusilə beynəlxalq gərginliklər enerji daşıyıcılarının qiymətinə birbaşa təsir göstərir.
“Hazırda Ukrayna yanacaq ehtiyacının böyük hissəsini idxal hesabına qarşılayır. Dizel və benzinin təxminən 90 faizi xaricdən gətirilir. Bu isə qlobal bazarlarda baş verən dəyişikliklərə həssaslığı artırır”, – deyə o vurğulayıb.
Naqornyak əlavə edib ki, Hörmüz boğazı ətrafında yaranan gərginlikdən sonra enerji daşıyıcılarının qiymətlərində ciddi artım müşahidə olunur. Bu vəziyyət yalnız Ukraynanı deyil, bütün Avropa ölkələrini təsir altına alır.
Onun sözlərinə görə, belə şəraitdə alternativ və etibarlı enerji mənbələrinin, o cümlədən Azərbaycan neftinin Avropaya çıxışının artırılması strateji baxımdan böyük əhəmiyyət kəsb edir.





