WhatsApp istifadəçiləri üçün vacib yeniliklər test mərhələsindədir. Yeni funksiya mesajların unudulmasının qarşısını almağa kömək edəcək.
Dünya üzrə milyonlarla insanın istifadə etdiyi WhatsApp messenceri istifadəçilərə bir mesajı “unutmamaq” üçün xatırlatma qurmaq imkanı verən yeni funksiyanı test edir.
Daylinews-az.com xəbər verir ki, bu barədə məlumatı “WABetaInfo” (WBI) portalı Android üçün messencerin son beta versiyasında aşkarlayıb.
Mesajlara xatırlatma necə qurulacaq?
Yeni funksiyadan istifadə etmək üçün:
- Mesajın üzərinə uzun basmaq kifayətdir;
- Açılan menyuda “Mənə xatırlat” (Remind me) seçimi görünəcək;
- İstifadəçi əvvəlcədən təyin olunmuş vaxt aralıqlarından (2, 8 və ya 24 saat) birini seçə və ya öz vaxtını təyin edə biləcək.
Xatırlatma qurulduqdan sonra mesajın küncündə kiçik bir zəng işarəsi görünəcək. Müəyyən olunmuş vaxt keçdikdə, WhatsApp həmin mesajın mətnini və söhbət məlumatını ehtiva edən “Xatırlatma” (Reminder) bildirişi göndərəcək.
Əlavə funksiya da test olunur
WABetaInfo əlavə edir ki, WhatsApp başqa bir faydalı funksiyanı da test edir. Bu funksiya istifadəçilərə tez-tez yazışdıqları kontaktlardan oxunmamış mesajlar barədə vaxtaşırı bildirişlər göndərəcək. Beləliklə, vacib danışıqlar ümumi yazışmalar axınında gözdən qaçmayacaq.
Yeni xüsusiyyətlərin dəqiq nə vaxt rəsmi şəkildə istifadəyə veriləcəyi hələ açıqlanmayıb, çünki onlar hələ beta test mərhələsindədir.





