Microsoft bu gündən etibarən Windows 10 əməliyyat sistemi üçün dəstəyi rəsmi olaraq dayandırır. Şirkətin verdiyi açıqlamaya görə, 14 oktyabr 2025-dən etibarən Windows 10 istifadəçiləri artıq proqram təminatı, təhlükəsizlik yeniləmələri və texniki xidmət almayacaq. İstifadəçilərə tövsiyə olunur ki, əməliyyat sistemlərini Windows 11 versiyasına yeniləsinlər.
Yeniləmənin dayandırılması Windows 10-un işləməsinə birbaşa təsir etməyəcək və sistem aktiv qalacaq. Lakin gələcəkdə proqram təminatının və təhlükəsizlik mexanizmlərinin yenilənməməsi bu əməliyyat sistemini viruslar və zərərli proqramlara qarşı daha həssas edəcək.
Windows 10 ilk dəfə 29 iyul 2015-ci ildə təqdim olunmuşdu və fərdi kompüterlər, noutbuklar, planşetlər və smartfonlar üçün universal platforma kimi müxtəlif cihazlarda işləmək imkanı verirdi. Sistemin əsas üstünlüklərindən biri Microsoft-un bulud xidmətləri olan OneDrive və Office 365 ilə dərin inteqrasiyası idi.
Microsoft-un iyul açıqlamasına əsasən, 2026-cı ildə Windows 10 üçün Outlook, Teams, Office, OneDrive, Sharepoint kimi Microsoft 365 tətbiqlərinə də yenilənmələr dayandırılacaq. Belə proqramlar (məsələn, Word) dəstək bitdikdən sonra işləməyə davam etsə də, onların istifadə zamanı performans və etibarlılıq baxımından problemlər yarana bilər.





