Azərbaycanın xalq artisti Ramiz Quliyev bu səhər müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə məlumatı onun oğlu, Əməkdar artist Əyyub Quliyev verib. O bildirib ki, atasının sağlıq vəziyyəti son vaxtlar ağır idi və Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə alırdı.
Ramiz Quliyev 1947-ci ildə Ağdam rayonunda anadan olub. Musiqi təhsili həyatına 1960-cı ildə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbində başlayıb. Daha sonra, 1964-1969-cu illərdə Azərbaycanın ən nüfuzlu musiqi təhsil müəssisəsi olan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1974-1992-ci illər arasında konservatoriyanın Xalq çalğı alətləri kafedrasında tar ixtisasından müəllim, baş müəllim, dosent və professor kimi fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik etmişdir.
Ramiz Quliyev həmçinin Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və digər ölkələrdə konsertlər verərək Azərbaycan musiqisini dünyaya tanıdıb.
2002-ci və 2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurlu səhnə fəaliyyəti üçün mükafatlandırılan sənətkar, 2004-cü ildən başlayaraq isə ömürlük Prezident təqaüdü alıb. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Şərəf” və “Şöhrət” ordenləri, eləcə də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Ramiz Quliyevin vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir.





