Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkil etdiyi “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Xankəndi şəhərində bootcamp tədbiri keçirilib. Tədbirin əsas məqsədi Azərbaycanda aqrar sektorda rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, gənclərin bu sahədə bilik və bacarıqlarının artması və azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
Bootcamp-da 20-dən çox ali təhsil müəssisəsinin tələbələri və 10-a yaxın akselerasiya, inkubasiya mərkəzlərinin nümayəndələri iştirak edib. Proqram iştirakçılara kənd təsərrüfatında innovativ həllərin praktik mühitdə öyrənilməsi və təcrübə qazanmaq imkanları təqdim edib.
Tədbirin bir hissəsi kimi təşkil edilən infotur zamanı iştirakçılar Suqovuşan su anbarı və Xankəndi Tikiş Fabriki ilə tanış olub. Bu zaman bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun yenidən qurulmasında rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş izah edilib.
Tədbir iştirakçıları süni intellekt və digər müasir texnoloji üsulların məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac potensialının yüksəldilməsində əhəmiyyətini bir daha vurğulayıblar.





