Son aylarda Xəzər dənizində qeydə alınan zəlzələlər bölgədə seysmik aktivliklə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bir neçə gün əvvəl Xəzərdə 3,4 maqnitudalı yeraltı təkanın qeydə alınması əhali arasında narahatlıq yaradıb. İnsanları maraqlandıran əsas suallardan biri isə dənizdə baş verən zəlzələlərin Xəzərin su səviyyəsinin azalması ilə əlaqəli olub-olmamasıdır.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Xəzərdə müşahidə olunan aktivlik Yer qabığında sıxılma prosesləri və Ərəbistan plitəsinin hərəkəti ilə bağlıdır.
“Kiçik təkanlar təbii prosesdir”
Qurban Yetirmişli qeyd edib ki, əhali təşvişə düşməməlidir:
“Dağıdıcı zəlzələnin mütləq baş verəcəyini düşünmək doğru deyil. Zəif yeraltı təkanlar hər zaman olub və olacaq. Bu, təbii geoloji prosesdir. Azərbaycan ərazisində hər il minlərlə zəlzələ qeydə alınır”.
Mütəxəssislərin sözlərinə görə, tez-tez baş verən zəif zəlzələlər müəyyən mənada faydalı hesab olunur. Çünki Yer qatlarında toplanan enerji mərhələli şəkildə boşalır və bu da daha böyük gərginliyin qarşısını qismən ala bilir.
Xəzərin çəkilməsi daha çox iqlimlə əlaqələndirilir
Xəzərin son illərdə çəkilməsi fonunda bəzi iddialarda bunun tektonik proseslərlə bağlı olduğu irəli sürülür. Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun laboratoriya müdiri Səid Səfərov isə bildirib ki, hazırda dəniz səviyyəsinə əsas təsiri iqlim faktorları göstərir.
Onun sözlərinə görə, 2000-ci ildə Xəzərdə baş vermiş güclü zəlzələdən sonra dənizdə yaranan çatların suyun çəkilməsinə səbəb olduğu barədə fikirlər səslənmişdi. Lakin müşahidələr fərqli nəticə ortaya qoyub:
“1995-2000-ci illərdə Xəzərin səviyyəsi azalırdı. Amma 2000-ci ildəki zəlzələdən sonra əksinə, su səviyyəsində artım müşahidə edildi və bu proses 2005-ci ilə qədər davam etdi”.
Alimlər hesab edirlər ki, Xəzərdə suyun azalması əsasən çay axınının zəifləməsi, buxarlanmanın artması və qlobal istiləşmə ilə bağlıdır.
Ekspertlər vurğulayırlar ki, seysmik prosesləri tam dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil. Buna görə əsas məsələ monitorinqin gücləndirilməsi və insanların təhlükəsizlik mövzusunda məlumatlandırılmasıdır.
Daha ətraflı məlumat üçün ATV Xəbər-dəki hesabatı baxın:





