Bakının Yasamal rayonunda baş verən silahlı insident zamanı bir qadın ağır yaralanıb.
Daylinews-az.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Hadisə iyulun 16-da, günorta saatlarında qeydə alınıb. 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın odlu silahdan açılmış atəş nəticəsində xəsarət aldığı bildirilib.
Aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, həyat yoldaşı – 1986-cı il təvəllüdlü Vasif Kərimovla yaranmış mübahisə zamanı kişi silaha əl ataraq arvadına atəş açıb və onu qəsdən öldürməyə cəhd edib.
Yaralı qadın dərhal xəstəxanaya çatdırılıb, onun müalicəsi hazırda davam etdirilir.
Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb. Vasif Kərimov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq davam edir.





