Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, bu gün axşamdan başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı gözlənilir. Növbəti günlər ərzində arabir güclü külək əsəcək, bəzi rayonlarda leysan tipli intensiv yağışlar yağacaq, bəzi dağ çaylarında isə qısamüddətli sel və daşqın təhlükəsi yaranacaq. Həmçinin, ildırımların olması da proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib. Nazirlik xəbərdarlıq edir ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, reklam lövhələrindən və elektrik dirəyi, naqilləri, yüksək ağacların altında dayanmaq təhlükəlidir.
Yağışlar nəticəsində yarana biləcək sel və daşqınlardan qorunmaq üçün sel təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə yaranarsa dərhal təhlükəsiz yüksəkliyə qalxmaq zəruridir. İldırımla bağlı təhlükələrdən qorunmaq üçün isə elektrik cihazlarını enerji mənbəyindən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xəttlərinə, ildırım ötürücülərinə, antena və navalçalara yaxınlaşmamaq və sığınacaq kimi aşağı yerləri seçmək vacibdir. Avtomobildə olarkən isə hərəkəti dayandırıb, şüşələri qaldıraraq ildırımın keçməsini gözləmək məsləhətdir.
Bu qaydalara əməl etməklə həm şəxsi, həm də ictimai təhlükəsizlik təmin edilə bilər.





