Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və ilk Baş naziri olan Fətəli xan Xoyskinin 150 illik yubileyinin qeyd olunması məqsədilə geniş tədbirlər planı hazırlanacaq. AMEA prezidenti, akademik İsa Həbibbəyli bu barədə akademiyanın Rəyasət Heyətində keçirilən iclasda məlumat verib.
Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birgə tanınmış dövlət xadiminin yubileyi ilə bağlı kompleks tədbirlər görmək tapşırılıb. Bu çərçivədə yubileyə həsr olunmuş elmi konfranslar, sərgilər, nəşrlər və digər maarifləndirici layihələr planlaşdırılır.
AMEA rəhbəri qeyd edib ki, yubiley ilinə xüsusi hazırlıq üçün Rəyasət Heyəti tərəfindən artıq aidiyyəti strukturlara müvafiq göstərişlər verilib və tədbirlər planının hazırlanması üzərində işlər başlanıb. Yaxın vaxtlarda ictimaiyyət bu tədbirlərin detalları barədə məlumatlandırılacaq.





