Misli Premyer Liqasında bu gün VII tur başlanır. Məlumatına görə, ilk oyun günündə iki maraqlı qarşılaşma baş tutacaq.
Günün açılış matçında “Araz-Naxçıvan” doğma meydanda “İmişli”ni qəbul edəcək. Bu oyun saat 17:00-da Liv Bona Dea Arenada start götürəcək. Turnir cədvəlində Naxçıvan təmsilçisi 11 xalla dördüncü pillədə, “İmişli” isə 8 xalla yeddinci sırada qərarlaşıb.
İkinci qarşılaşma isə saat 19:30-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Burada “Zirə” klubu “Neftçi”ni qəbul edəcək. Həmin matça meydan sahibləri 12 xalla ikinci, “Neftçi” isə 7 xalla səkkizinci pillədə daxil olurlar.
Hakim heyətləri və VAR təyinatları da rəsmiləşib:
- “Araz-Naxçıvan” – “İmişli”: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev; VAR – Rauf Cabarov; AVAR – Cəmil Quliyev
- “Zirə” – “Neftçi”: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov; VAR – Rəşad Əhmədov; AVAR – Kamran Əliyev
Qeyd edək ki, Misli Premyer Liqasının bu turu oktyabrın 5-də başa çatacaq.





