Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, bazarlarda mənşəyi məlum olmayan soyuq sıxım yağ məhsullarının hazırlanması və satışında qanun pozuntuları üzə çıxıb. Bu barədə mediada yayılan məlumatlardan sonra aparılan plandankənar yoxlamalar Bakı şəhərinin Nərimanov rayonu, “Xətai prospekti 25″ ünvanındakı “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazar və Nizami rayonu, “C.Naxçıvanski küçəsi, ev 49C” ünvanında yerləşən “Kəngərli” bazarında keçirilib.
Yoxlama zamanı müəyyən edilib ki, soyuq sıxım yağ istehsal edən şirkətlər qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir, məhsulların emalı üçün lazımi sanitar-gigiyenik və texniki şərait təmin olunmayıb. Həmçinin yağların hazırlanmasında istifadə olunan xammal düzgün saxlanılmayıb, işçilər gigiyena qaydalarına riayət etməyib, həmçinin mənşəyi qeyri-müəyyən xammallar istifadə olunub.
Nəzarət nəticəsində:
- Yağ emalı və satış fəaliyyəti müvəqqəti dayandırılıb,
- Keyfiyyətsiz məhsullar bazardan geri çəkilib,
- Nöqsanlara yol verən subyektlər barəsində inzibati tədbirlər görülüb,
- Məhsullardan nümunələr götürülərək laboratoriya yoxlamalarına təqdim olunub.
Xüsusilə, “Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şahvələdov Şalbuz Vəzir oğlu tərəfindən istehsal olunan soyuq sıxım zeytun yağında olein, linol və begen turşularının tərkibində uyğunsuzluq aşkar olunub. Bu zeytun yağı nümunəsinin yağ turşusu tərkibi əslində qarğıdalı yağına bənzər olduğu müəyyənləşib ki, bu da istehlakçının aldadılması kimi qiymətləndirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, vətəndaşlar yalnız etibarlı mənbələrdən məhsul əldə etməli və gərəksiz risklərdən çəkinməlidirlər.





