NATO-nun mənzil-qərargahında təşkil edilən “Xeyriyyə bazarı” tədbirində Azərbaycan da iştirak edib. Bu tədbirdə Azərbaycanın NATO yanında Nümayəndəliyi ilə yanaşı, Silahlı Qüvvələrimizin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi də öz nümayəndələri ilə təmsil olunub.
Tədbirə 38 ölkə qatılıb və Azərbaycan milli məhsullarından ibarət stend, eləcə də zəngin milli mətbəximiz nümayiş olunub. NATO-nun Beynəlxalq və Hərbi Qərargahlarının yüksək rütbəli şəxsləri, müttəfiq və tərəfdaş ölkələrin ali səfirləri, hərbi nümayəndələri və digər qonaqlar “Xeyriyyə bazarı”nda yaradılan sərgini ziyarət ediblər.
Bu təşəbbüs Azərbaycanın NATO ilə əməkdaşlığının, eləcə də beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlarından biridir.





