“mygov” rəqəmsal hökumət platformasında yeni funksionallıq tətbiq edilib ki, buna görə vətəndaşlar özəl qurumların məlumat sorğuları barədə xəbərdar olmağa başlayıblar. Artıq platforma istifadəçilərə məlumatlarının hansı təşkilatlar tərəfindən sorğulandığını real vaxt rejimində bildirir.
Bildirişlər “mygov” tətbiqinə və veb platformasına avtomatik şəkildə göndərilir. Vətəndaşlar bildirişə daxil olaraq “Bildirişlər” bölməsinə keçid edə, oradan “Tarixçəyə keçid et” funksiyası vasitəsilə ətraflı məlumatı əldə edə bilərlər. Əgər vətəndaş müəyyən şirkətin sorğusunu qəbul etmirsə, o zaman “İcazələrin idarə edilməsi” modulundan istifadə edərək bu icazəni deaktiv edə bilər.
Yeni sistemin əsas məqsədi şəxsi məlumatların istifadəsinə və nəzarətə şəffaflıq gətirmək, vətəndaşlara öz məlumatları üzərində tam kontrol verməkdir. Eyni zamanda, sorğular yeddi kateqoriyaya – fərdi məlumatlar, məşğulluq, ailə, təhsil, nəqliyyat, sosial müdafiə və rabitə üzrə qruplaşdırılır. Bu isə vətəndaşlara məlumatlarının hansı sahədə və hansı qurum tərəfindən istifadə edildiyini aydınlaşdırmağa imkan verir.
Bundan əlavə, rəqəmsal razılıqların idarə olunması da platforma üzərindən həyata keçirilir. Vətəndaşlar “İcazələrin idarə edilməsi” bölməsində öz razılıqlarını izləyə, qüvvədə olan icazələri yeniləyə, dayandıra və ya istəyə uyğun olaraq yenidən aktivləşdirə bilərlər.





