EvCəmiyyətGöygöldə “AzerGold”un təşəbbüsü ilə interaktiv kitab köşkü istifadəyə verilib

Göygöldə “AzerGold”un təşəbbüsü ilə interaktiv kitab köşkü istifadəyə verilib

“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöl rayonunda müasir texnologiyalara əsaslanan interaktiv kitab köşkü yaradılıb. Bu layihənin məqsədi əhalinin mütaliə imkanlarını genişləndirməkdir.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən kitab köşkü vətəndaşlara günün istənilən saatında rahat, pulsuz şəkildə kitab əldə etmək şansı verir. İstifadəçilər QR kod vasitəsilə elektron qeydiyyatdan keçərək, geniş çeşiddə təqdim olunan kitab siyahısından seçim edə bilirlər.

Sistem kitabların istifadə müddətini də idarə edir: kitab götürüldükdən 15 gün sonra istifadəçiyə SMS ilə xatırlatma bildirişi göndərilir və kitabın vaxtında qaytarılması tələb olunur. Həmçinin, oxucular arasında reytinq sistemi də mövcuddur: ən fəal mütaliəçilər və kitabları vaxtında geri gətirən istifadəçilər müəyyənləşdirilir və mükafatlandırılır.

Bu yanaşma vasitəsilə kitabların davamlı dövriyyəsi təmin olunur, daha çox insan mədəniyyət məhsullarından yararlana bilir və real vaxt rejimində oxucu statistikası analiz edilir. Hər rüb müsabiqə şəklində ən çox kitab oxuyanlara xüsusi hədiyyələr təqdim edilir.

Kitab köşkü zəngin kolleksiyaya malikdir: dünya klassikləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün kitablar, eləcə də biznes və özünüinkişaf mövzularında əsərlər oxuculara təqdim olunur. Ümumilikdə burada təxminən 400 yeni kitab var.

“AzerGold” bu layihə ilə regional icmalarda oxu mədəniyyətinin inkişafına dəstək olmaq, intellektual inkişafı təşviq etmək niyyətindədir. Qeyd edək ki, belə layihənin ilk nümunəsi ötən il Daşkəsən rayonunun Quşçu kəndində həyata keçirilib və “Kitab sovqatı” və “Uşaq kitab dostu” kimi maarifləndirici təşəbbüslərin davamıdır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər