“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna daxil edilmiş dəyişikliklərə uyğun olaraq Azərbaycanda enerji qənaətinin artırılması məqsədilə közərmə lampalar mərhələli dövriyyədən çıxarılacaq.
Energetika Nazirliyi bu barədə məlumat verib. Qanuna əsasən, 2026-cı ilin 1 yanvarından 60 vatt və ondan yuxarı gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan edilib. 2026-cı ilin 1 iyulundan isə 25 vatt daxil olmaqla 25-60 vatt gücə malik modellərin idxalı, istehsalı və satışı dayandırılacaq. Qadağa sənaye proseslərində və işıqlandırma xaric texnoloji məqsədlər üçün nəzərdə tutulmuş lampalara tətbiq edilməyəcək.
LED lampaların enerji və iqtisadi üstünlükləri
Hesablamalar LED lampaların közərmə modellərindən enerji və maliyyə baxımından əhəmiyyətli üstünlüklərə malik olduğunu göstərir. Məsələn, 15 min saat (7 il) istismar edə bilən 1 LED lampası 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilir. Eyni işıq axını üçün 60 Vt közərməyə qarşı cəmi 7 Vt gücündə LED kifayət edir. Nəticədə LED-nin ümumi işıqlandırma xərci 14,4 AZN təşkil edərkən közərmə lampalarında bu rəqəm 82,2 AZN-ə çatır.
Daha geniş hesablamalara görə, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi sərfinə, enerji istehsalı üçün 29,1 milyon kubmetr təbii qaz xərclənməsinə və 63,6 min ton karbon emissiyasına səbəb olur. Eyni sayda LED lampaya keçid zamanı elektrik istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalardan imtina edib LED modellərə keçdiyi təsərrüfat halında gündəlik işıqlandırma üçün elektrik istehlakı 4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.
LED lampaların texniki və ətraf mühit üstünlükləri
LED lampalar pulsasiya səviyyəsi 1% ilə göz sağlamlığı üçün daha təhlükəsizdir. Közərmə lampalarında bu rəqəm 13 faiz təşkil edir. Bundan əlavə, LED-lər civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.
Közərmə lampalarının mərhələli dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid Azərbaycanda enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edəcək. Ona görə də vətəndaşlar və təsərrüfat subyektləri enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.





