1 sentyabr tarixində Türingiya və Saksoniya landtaqlarına keçirilən seçkilərdə sağçı populist partiya “Almaniya üçün Alternativ” (“AfD”) əhəmiyyətli uğurlar əldə edib. Almaniya kansleri Olaf Şolts (Olaf Scholz) bu nəticələri “acı” adlandırıb və “bütün demokratik partiyaları” sağçı ekstremistlərin iştirak etmədiyi sabit əyalət hökumətləri qurmağa çağırıb, məlumatı Reuters agentliyi yayıb.
Şolts “AfD Almaniyaya zərər verir. O, iqtisadiyyatı zəiflədir, cəmiyyətdə parçalanma yaradır və ölkəmizin yaxşı imicini məhv edir,” – deyə Die Zeit qəzetinə müsahibəsində bildirib.
Sosial Demokrat Partiyasının (SPD) nəticələrini şərh edərkən, o vurğulayıb: “Bazar günü keçirilən seçkilərin nəticələri, o cümlədən bizim üçün də acıdır. Buna baxmayaraq, SPD daxili birliyini qoruyub saxlayıb.”
Türingiya landtaqına keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” partiyası ən çox səs toplayaraq 32.8% səslə birinci olub. Bu federal əyalətdə ikinci yerdə isə Xristian Demokratik İttifaqı (CDU) 23.6% səs toplayıb. Bu nəticələr 2 sentyabr səhəri açıqlanan ilkin seçki nəticələrində əks olunub.