Bu gün 2026-cı ilin ilk Günəş tutulması qeydə alınıb. Astronomik hadisə axşam saat 18:27-də yekunlaşacaq. Məlumat Şamaxı Astrofizika Rəsədxanası tərəfindən açıqlanıb.
Mütəxəssislərin bildirdiyinə görə, tutulmanın maksimum fazası saat 16:12-də müşahidə olunub. Hadisə əsasən Antarktida üzərində daha aydın şəkildə izlənilib. Bununla yanaşı, Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində də tutulmanı qismən müşahidə etmək mümkün olub.
Argentina və Çili ilə yanaşı, Cənubi Afrika Respublikası, Namibiya, Botsvana, Zambiya, Zimbabve, Malavi, Mozambik, Tanzaniya, Madaqaskar, Seyşel adaları, Mavriki, Reyunion və Lesoto kimi ölkələrdə də astronomik hadisə görünən olub. Həmçinin Cənubi Corciya və Cənubi Sendviç adalarında da tutulma izlənilib.
Günəş tutulması necə baş verir?
Günəş tutulması Ayın Yer ilə Günəş arasına daxil olması nəticəsində meydana gəlir. Bu zaman Ay Günəş şüalarının Yerə düşməsini qismən və ya tam şəkildə kəsir və Yer səthinin müəyyən hissəsində kölgə zonası yaranır. Hadisə yalnız yeni Ay fazasında mümkündür və hər dəfə Yer kürəsinin məhdud ərazilərində müşahidə edilir.
Astronomlar qeyd edirlər ki, Günəş tutulmasını birbaşa, qoruyucu vasitə olmadan izləmək gözlər üçün təhlükəli ola bilər. Bu səbəbdən xüsusi filtrli eynəklərdən istifadə tövsiyə olunur.
İlin ilk tutulması elmi baxımdan maraq doğurmaqla yanaşı, səma müşahidəçiləri üçün də diqqətçəkən hadisə kimi yadda qalır.





