2026-cı ilin yayında Qlazqoda keçiriləcək 14-cü Birlik Oyunları bu dəfə bədii gimnastikasız baş tutacaq.
Daylinews-az.com xəbər verir ki, bu idman növü multiforumun proqramına daxil edilməyib. Birlik Oyunları Federasiyasından verilən məlumata görə, proqramın tərtibi zamanı bir çox amillər, o cümlədən “iştirakın müxtəlifliyi və rəqabət səviyyəsi”, habelə yerli maraq dərəcəsi nəzərə alınıb.
Öncəki dəfə Oyunlar Qlazqoda keçirildikdə 17 idman növü üzrə yarışlar təşkil edilmişdi, lakin bu dəfə onların sayı 10-a endirilib. Təşkilatçılar, bədii gimnastika kimi proqramdan çıxarılan idman növlərinin idmançıları və azarkeşlərinin narahatlıqlarını başa düşdüklərini qeyd edib. Bununla belə, həmin idman növlərinin gələcək Birlik Oyunlarında yenidən proqrama daxil edilə biləcəyi vurğulanıb.





