Apple ilk qatlanan iPhone modelinin istehsal planını əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır. Yaponiyanın Nikkei Asia nəşrinin yaydığı məlumata görə, şirkət tədarükçülərinə əvvəl nəzərdə tutulan 7–8 milyon deyil, təxminən 10 milyon qatlanan iPhone üçün hazırlıq görməyi tapşırıb. Məlumatı texnologiya portalı MacRumors da təsdiqləyib.
Mənbələrin bildirdiyinə görə, Apple 2026-cı ilin ikinci yarısı üçün ümumilikdə təxminən 80 milyon iPhone komponenti sifariş edib. Bu həcmə iPhone 18 Pro, iPhone 18 Pro Max və şirkətin tarixində ilk qatlanan iPhone modeli daxildir. Gözləntilərə əsasən, Apple-ın 2026-cı ildə ümumi iPhone istehsalı 220 milyon ədədi ötəcək.
İlk qatlanan iPhone haqqında yeni detallar
Bəzi tədarükçülərə ikinci yarımildə 85 milyon yeni iPhone üçün əlavə sifarişlərin mümkün ola biləcəyi barədə də xəbərdarlıq edilib. Eyni zamanda Apple gələcək iPhone 18 seriyasının istehsalı üçün iPhone 17 xəttinə aid bəzi komponentlərin də əvvəlcədən rezerv edilməsini istəyib. Bildirilir ki, şirkətin yüksək satınalma gücü yaddaş çatışmazlığı fonunda Apple-a Xiaomi, Oppo və digər istehsalçılar qarşısında üstünlük qazandırıb.
Məlumata əsasən, qatlanan iPhone-un menteşə sistemi ilə bağlı mühəndislik problemlərinin böyük hissəsi artıq aradan qaldırılıb. Bu səbəbdən satışların başlanğıcında məhdud sayda cihaz bazara çıxarılsa da, daha genişmiqyaslı istehsalın ilin sonuna doğru sürətlənəcəyi gözlənilir.
Qeyri-rəsmi məlumatlara görə, yeni model 7,8 düymlük daxili, 5,5 düymlük xarici ekran, A20 prosessoru, Apple C2 modemi və Face ID əvəzinə Touch ID ilə təchiz olunacaq. Təqdimatın sentyabr ayında iPhone 18 Pro seriyası ilə birlikdə keçirilməsi gözlənilir. Analitiklərin proqnozuna görə, qatlanan iPhone-un başlanğıc qiyməti təxminən 2 500 ABŞ dolları (təxminən 4 250 manat) olacaq, ən yüksək yaddaş tutumuna malik versiyanın qiyməti isə 3 000 dollara (təxminən 5 100 manat) çata bilər.





