Toronto şəhərində keçirilən 1/16 final qarşılaşması turnirin ən gərgin oyunlarından biri olub. Portuqaliya geridönüş edərək Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib və 1/8 finala yüksəlib.
İlk hissə qolsuz başa çatsa da, fasilədən dərhal sonra İvan Perişiç 53-cü dəqiqədə hesabı açaraq xorvatları önə keçirib. Portuqaliya tezliklə cavab versə də, Kriştianu Ronaldunun oyundan vurduğu qol ofsayd səbəbindən ləğv olunub.
Bununla belə, təcrübəli hücumçu mübarizəni davam etdirib və 68-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Matçın taleyi isə əlavə olunmuş dəqiqələrdə həll edilib. Meydana sonradan daxil olan Qonsalu Ramuş 90+4-cü dəqiqədə qalibiyyət qolunu vuraraq Portuqaliyanı növbəti mərhələyə daşıyıb. Xorvatiya son saniyələrdə hesabı yenidən bərabərləşdirsə də, bu qol da ofsayda görə qeydə alınmayıb. Beləliklə, Roberto Martinesin komandası 1/8 finalda İspaniya ilə üz-üzə gələcək.
İspaniya Avstriyanı inamla mübarizədən kənarlaşdırdı

İnqlvuddakı SoFi Stadium arenasında keçirilən görüşdə İspaniya millisi Avstriyaya heç bir şans verməyərək 3:0 hesablı qələbə qazanıb.
Luis de la Fuentenin yetirmələri oyunun gedişinə tam nəzarət ediblər. İlk qolu 36-cı dəqiqədə Mikel Oyarzabal vurub. İkinci hissədə Pedro Porro fərqi artırıb, matçın sonlarına yaxın isə Oyarzabal ikinci dəfə fərqlənərək dubla imza atıb və yekun hesabı müəyyənləşdirib.
Bu nəticə ilə İspaniya 1/8 finala yüksəlib və növbəti mərhələdə Portuqaliya ilə qarşılaşacaq. Beləliklə, turnirin ən maraqlı Avropa derbilərindən biri baş tutacaq.
İsveçrə Əlcəzairi üstələyərək növbəti mərhələyə yüksəldi

İsveçrə millisi də 1/8 finala yüksələn komandalar sırasına qoşulub. Murat Yakının rəhbərlik etdiyi kollektiv Əlcəzair üzərində 2:0 hesablı qələbə qazanıb.
Start heyətlərində hər iki məşqçi dəyişikliklər edib. Maraqlı məqamlardan biri isə Əlcəzairin baş məşqçisi Vladimir Petkoviçin uzun illər İsveçrə millisini çalışdırmış mütəxəssis olması idi.
İsveçrə ilk real hücumunu qola çevirib. Manzambinin ötürməsindən sonra Breel Embolo 11-ci dəqiqədə hesabı açıb. Fasilədən dərhal sonra Əlcəzair müdafiəsinin kobud səhvindən yararlanan Dan Ndoye fərqi iki topa çatdırıb.
Qalan dəqiqələrdə Əlcəzair oyuna qayıtmağa çalışsa da, İsveçrə müdafiəsi etibarlı çıxış edib. Əksinə, Yakının komandası hesabı daha da böyütmək üçün bir neçə əlverişli imkan əldə etsə də, bundan yararlana bilməyib. İsveçrə 1/8 finalda Kolumbiya – Qana cütünün qalibi ilə qarşılaşacaq.





