Bu gün Azərbaycan Vergi Xidməti əməkdaşlarının peşə bayramıdır. Daylinews-Az xatırladır ki, 1990-cı ilin iyul ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tərkibində Vergi Xidməti yaradılıb. Xidmətin əsas məqsədi vergi siyasətinin həyata keçirilməsi, büdcəyə vergi və digər ödənişlərin vaxtında və tam daxil olmasının təmin edilməsi, həmçinin qiymət nəzarətinin və vergi qanunvericiliyinin icrasına nəzarətin həyata keçirilməsi olub.
1991-ci ilin oktyabrında Vergi Xidməti Maliyyə Nazirliyindən ayrılaraq müstəqil fəaliyyət göstərən Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi olaraq yenidən təşkil edilib.
Vergi sisteminin təkmilləşdirilməsi
İqtisadi islahatlar fonunda vergi sisteminin daha da inkişaf etdirilməsinə ehtiyac yarandı. Vergi qanunvericiliyindəki bəzi boşluqlar vergi ödəyiciləri və vergi orqanlarının narazılığına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında vergi sistemində islahatlara başlanıldı. İlk addım olaraq, Azərbaycan Respublikası Dövlət Vergi Müfəttişliyi ləğv edilərək, 2000-ci il fevralın 11-də Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı.
Bu prosesdə vergi orqanlarının modernləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yeni idarəetmə modelinin tətbiqi istiqamətində addımlar atıldı. Nəticədə, idarəetmənin funksional modeli seçildi.
Vergi Xidməti əməkdaşlarının peşə bayramı
1 fevral 2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla 11 fevral Vergi Xidməti əməkdaşlarının peşə bayramı günü elan olundu. 2019-cu ilin 23 oktyabrında isə Azərbaycan Prezidentinin fərmanı ilə Vergilər Nazirliyinin funksiyaları genişləndirildi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradıldı.
Bu illər ərzində vergi yükü azaldıldı, vergi dərəcələri optimallaşdırıldı və sahibkarlıq üçün əlverişli mühit formalaşdırıldı. Vergi qanunvericiliyi iqtisadiyyatın inkişafına, investisiya və yeni texnologiyaların cəlbinə, sosial sahələrin dəstəklənməsinə xidmət edən bir mexanizmə çevrildi.
Azərbaycan vergi sistemi beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdirilir və ölkənin iqtisadi böyüməsinə töhfə verməyə davam edir.





