Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, tanınmış folklorşünas Elxan Məmmədli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Daylinews-Az xəbər verir ki, Elxan Məmmədli 1946-cı il yanvarın 1-də Borçalının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əvvəlcə pedaqoji fəaliyyətlə məşğul olub, 1976–1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi kimi çalışıb. 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsinə kiçik elmi işçi təyin edilib.
1994-cü ilə qədər Ədəbiyyat İnstitutunda çalışan alim həmin ildən Folklorun Elmi-Mədəni Mərkəzinə böyük elmi işçi kimi təyin olunub. 1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Elxan Məmmədli 1969–2009-cu illər ərzində Azərbaycan Televiziya və Radiosunda Bulaq, Ustadnamə, Sazın-sözün sehrində, Gözəlləmə və Sarıtel kimi verilişlərin müəllifi və aparıcısı olub.
1999-cu ildən etibarən AMEA Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinə rəhbərlik edib. 2008-ci ildə ona “Əməkdar mədəniyyət xadimi” fəxri adı verilib.





