Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, Heydər Əliyev adına Təqaüd Fondunun stipendiatı və bir çox beynəlxalq müsabiqələrin laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən nüfuzlu Golden Classical Music Awards musiqi müsabiqəsində birinci yerə layiq görülüb. Bu barədə Daylinews-az məlumat yayıb.
Gənc musiqiçi dünyanın ən məşhur konsert salonlarından biri olan Nyu-Yorkdakı Karnegi-Hollda baş tutan gala-konsertdə çıxış edib. Kənan Məmmədzadə tədbirdə milli vətənpərvərlik ruhunda hazırlanmış proqramla çıxış edərək, Murad Həşimov və Əflatun Əliyevin muğam intonasiyalarına əsaslanan solo skripka üçün yazılmış “Rast” improvizasiyalarını səsləndirib.
Onun ifası həm dinləyicilər, həm də beynəlxalq musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Musiqiçinin yüksək ifa bacarığı və milli dəyərləri səhnəyə daşıması xüsusi təqdirəlayiq hesab olunub.
Müsabiqənin xüsusi mükafatı Kənanın musiqi inkişafında böyük rolu olan professor Hökümə Əliyevaya da təqdim olunub. O, tələbəsinin uğurlarında önəmli paya malik pedaqoq kimi qiymətləndirilib.





