EvSiyasətTrampın açıqlaması Qrenlandiya ilə bağlı səs-küyə səbəb oldu

Trampın açıqlaması Qrenlandiya ilə bağlı səs-küyə səbəb oldu

ABŞ-ın keçmiş prezidenti Donald Tramp NBC News kanalına verdiyi müsahibədə Qrenlandiyanın ABŞ-a birləşdiriləcəyinə tam əmin olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton bu prosesi hərbi müdaxiləyə ehtiyac olmadan reallaşdıra bilər. “Bəli, yüz faiz əminəm. Biz Qrenlandiyanı əldə edəcəyik. Hərbi gücdən istifadə etməmək üçün yaxşı imkanlarımız var, amma heç nəyi istisna etmirəm”, – deyə Tramp vurğulayıb.

Tramp əlavə edib ki, bu məsələdə beynəlxalq reaksiyaları və göndəriləcək siqnalları nəzərə almaq niyyətində deyil. “Bu barədə düşünmürəm və vecimə də deyil. Söhbət Qrenlandiyadan gedir – bu, beynəlxalq sülh, təhlükəsizlik və güclə bağlı məsələdir”, – deyə o bildirib.

Sabiq prezidentin sözlərinə görə, hazırda Qrenlandiya ətrafında Rusiya, Çin və digər ölkələrin gəmiləri fəaliyyət göstərir və ABŞ belə geosiyasi müstəvidə baş verənlərə laqeyd qalmamalıdır. “Biz ABŞ və dünya üçün təhlükə yaradan heç bir prosesin qarşısını almağa laqeyd qala bilmərik”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, martın 4-də Tramp, Qrenlandiya sakinlərinin ABŞ-a birləşmək qərarını dəstəkləyəcəyini açıqlamışdı. 13 martda isə açıq şəkildə bu ərazilərin ABŞ tərəfindən anneksiya ediləcəyini söyləmişdi.

Qrenlandiya baş naziri: “Bu, heç vaxt baş verməyəcək”

Donald Trampın bu çıxışına cavab olaraq Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen öz sosial media hesabında mövqeyini bildirib. O, ABŞ-ın Qrenlandiyanı ilhaq etməsinin mümkün olmadığını deyib. “Qrenlandiya heç kimə məxsus deyil. Biz – Qrenlandiya xalqı – öz gələcəyimizi özümüz müəyyənləşdiririk”, – deyə baş nazir qeyd edib.

Yens-Frederik Nilsen həmçinin vurğulayıb ki, Trampın bəyanatları yerli əhali tərəfindən ciddi qəbul edilmir və Qrenlandiya heç bir halda öz müstəqilliyindən və milli iradəsindən imtina etməyəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər