EvKriminalAzərbaycana dərman qaçaqmalçılığı: cinayətkar sxem ifşa olunub

Azərbaycana dərman qaçaqmalçılığı: cinayətkar sxem ifşa olunub

Azərbaycanda dərman vasitələrinin qaçaqmalçılığı ilə bağlı aparılan istintaq nəticəsində cinayətkar sxemin ifşa olunduğu açıqlanıb. Rəsmi məlumata görə, bu fəaliyyətə himayədarlıq edən gömrük əməkdaşları və vasitəçilər artıq məsuliyyətə cəlb olunublar.

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin (DGK) birgə yaydığı açıqlamaya əsasən, Xaçmaz Gömrük İdarəsinin bəzi əməkdaşlarının cinayət əlaqələrinə dair əsaslı şübhələr formalaşıb. İstintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Araşdırmalar nəticəsində məlum olub ki, Xaçmaz Gömrük İdarəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşı Hidayət Məmmədov və “Azərterminalkompleks” birliyindən bu şöbəyə ezam olunmuş inspektor Bayram Məmmədov, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Arzu Abdullayevdən rüşvət alıblar. Rüşvətin qarşılığında Hayisuf Hacıyevin idarə etdiyi və dərman vasitələri ilə dolu yük avtomobilinin gömrük nəzarətindən yayınaraq ölkə ərazisinə keçirilməsinə şərait yaradıblar.

Toplanmış sübutlara əsasən aşağıdakı şəxslər barəsində ittihamlar irəli sürülüb:

  1. Hidayət Məmmədov – CM-nin 32.5, 206.3.2 (qrup halında qaçaqmalçılığa kömək etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.2 (qrup halında təkrar rüşvət alma) maddələri ilə;
  2. Bayram Məmmədov – CM-nin 308.2 və 311.3.1 maddələri ilə;
  3. Arzu Abdullayev və Hayisuf Hacıyev – CM-nin 200-1.2.2 və 200-1.2.3 (qrup halında və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qrup halında qaçaqmalçılıq) maddələri ilə.

Məhkəmə qərarına əsasən, Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib. Hayisuf Hacıyev barəsində isə polis nəzarətində saxlama tədbiri tətbiq olunub.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər