Bakı şəhərinin mərkəzi hissəsində, Nəsimi rayonu ərazisində yeni istirahət parkı yaradılacaq. Bu barədə Daylinews-Az məlumat yayıb. Yeni parkın sahəsi 12 hektar təşkil edəcək və 28 May küçəsindən The Ritz-Carlton Baku mehmanxanasınadək olan ərazini əhatə edəcək.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən layihə-smeta sənədlərinin hazırlanması üzərində işlərə başlanılıb.
Layihənin ilkin qiymətləndirilməsinə əsasən, parkın sənədləşməsi üçün 2 milyon 450 min manat məbləğində vəsait ayrılması planlaşdırılır.
Yeni parkın ətraf mühitin qorunmasına və şəhər sakinlərinin istirahəti üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edəcəyi gözlənilir.





