Naxçıvan şəhərində yerləşən və fiziki şəxs Cəbrayıl Məmmədova məxsus olan “Tac Dönər” ictimai iaşə obyektində 9 nəfərin qida zəhərlənməsindən sonra obyektə nəzarətsiz yoxlama aparılıb.
Daylinews-az.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Yoxlama nəticəsində aşkar edilmiş pozuntular:
- Ərzaq məhsulları uyğun olmayan temperaturda saxlanılıb
- Temperatur nəzarəti və qeydiyyatı aparılmayıb
- İçkilər birbaşa günəş şüası altında saxlanılıb
- Soyuducularda məhsullar arasında malların qonşuluğu prinsipi pozulub
Agentlik bildirib ki, yoxlama zamanı şübhəli məhsullardan – mayonez, sous, ət və toyuq dönər nümunələri götürülərək Naxçıvan MR Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Mövcud faktla bağlı obyektin sahibinə qarşı inzibati protokol tərtib olunub və dönər hazırlanan bölmənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, baş verən zəhərlənmə hadisəsindən sonra zərərçəkənlər müvafiq tibbi müəssisələrə yerləşdirilib. Hazırda vəziyyət nəzarət altındadır, araşdırmalar davam edir.





