Azərbaycanda Qurban Bayramının birinci günü — 6 iyun tarixində ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Namaz yalnız bir dəfə – bayramın ilk günü keçiriləcək, növbəti günlərdə bu ibadət təkrar olunmayacaq.
Bu barədə Daylinews-az.coma açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Fuad Nurullayev məlumat verib.
Bayram namazı – 6 iyun saat 08:00 və ya 09:00-da
“Bayram namazı yalnız ilk gün, yəni 6 iyun tarixində qılınacaq. Hər bir məscidin rəhbərliyi və imamı namaz vaxtını saat 08:00 və ya 09:00 olaraq təyin edə bilər. Bu, məscidə gələnlərin sayına və şəraitə uyğun tənzimlənir”, – deyə Nurullayev bildirib.
O əlavə edib ki, dövlət səviyyəsində 6 və 7 iyun tarixləri bayram günləri kimi elan olunub. Şəriətə görə, qurban üç gün ərzində, yəni 6, 7 və 8 iyun tarixlərində kəsilə bilər.
Dörd gün ardıcıl istirahət olacaq
Nazirlər Kabinetinin qərarına əsasən, 6 və 7 iyun Qurban Bayramı ilə əlaqədar qeyri-iş günləridir. 7 iyun şənbəyə, 8 iyun bazar gününə və 9 iyun isə Əmək Məcəlləsinə əsasən qeyri-iş gününə təsadüf etdiyindən, vətəndaşlar dörd gün ardıcıl istirahət edəcəklər — 6, 7, 8 və 9 iyun tarixlərində.





