Artıq bazara getməyə və saatlarla heyvan axtarmağa ehtiyac yoxdur — qurbanlıq heyvanı onlayn sifariş etmək mümkündür. Lakin bu üsula münasibət birmənalı deyil və dini baxımdan müzakirələr doğurur.
Daylinews-az.com-nin yaydığı məlumatda bildirilir ki, son günlər sosial şəbəkələrdə belə elanlar artıb. İstifadəçilərə heyvanın alınması, kəsilməsi və hətta evə çatdırılması təklif olunur. Bu isə bir çox insanı düşündürür: onlayn sifarişlə qurban kəsmək şəriətə uyğundurmu?
Heyvan satışını onlayn həyata keçirən Siyyavuş Fətəliyev bildirib ki, bayramdan iki gün əvvəl heyvanlar kəsim və satış məntəqələrinə gətiriləcək. Arzu edənlər heyvanı yerindəcə seçə və ala biləcəklər. O qeyd edib ki, artıq üç gündür sifarişlər qəbul olunur və maraq çox yüksəkdir.
“Əgər müştəri istəsə, heyvan kəsilib ünvanına da göndərilə bilər. Amma belə hallarda bəzən çətinliklər yaranır — bəzi alıcılar heyvanı alandan sonra ödənişdən yayınırlar”, – deyə Fətəliyev vurğulayıb.
Dini baxımdan nə deyilir?
İlahiyyatçı Ağa Hacıbəyli isə hesab edir ki, qurbanlıq heyvanın onlayn və ya telefonla sifarişi günah deyil. Onun fikrincə, əsas məsələ niyyətdir: “Əgər həm alan, həm də satan bu işi səmimi niyyətlə edirsə, bu dini baxımdan qəbulolunandır.”





