Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Bu barədə “Daylinews-az.com” məlumat yayıb. Məktubda qeyd olunur:
“Hörmətli cənab Sədr,
Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Sizi və Çin xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Ötən illər ərzində Çin Xalq Respublikası bütün sahələrdə – iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqatlar və müasir texnologiyalar sahələrində böyük uğurlar əldə edərək, dünyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir. Bu nailiyyətlərin əldə edilməsində Sizin əvəzsiz rolunuzun olduğunu xüsusi vurğulamaq istərdim.
Azərbaycan və Çin arasında dostluq və qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin bugünkü səviyyəsi bizi çox sevindirir.
Sizinlə iyul ayında Astanada keçirdiyimiz səmimi və etibarlı görüşü yüksək qiymətləndirirəm. Biz strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamənin imzalanmasını tarixi bir addım kimi qiymətləndiririk və bu sənədin əməkdaşlığımızı daha da genişləndirəcəyinə inanırıq.
Siyasi əlaqələrimizin yüksək səviyyədə olması və müxtəlif sahələrdə – iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, telekommunikasiya və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün əlverişli şərait yaradılmışdır. Xüsusilə “Kəmər və Yol” və “Orta dəhliz” layihələri çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirirəm.
Eyni zamanda biz iqlim dəyişiklikləri ilə mübarizə, “yaşıl” enerji və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığımızı genişləndirmək istəyirik. Azərbaycanın noyabr ayında keçiriləcək COP29 konfransında Çinin fəal iştirakı ilə qlobal iqlim fəaliyyəti sahəsində irəliləyiş əldə edəcəyimizə ümidvaram.
Hörmətli cənab Sədr,
Əminəm ki, Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlığımız daha da möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və Çin xalqına əmin-amanlıq və rifah arzulayıram.”