Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində logistika və istehsalat sahələrində, xüsusilə gəmiqayırma sahəsində yeni birgə layihələrin hazırlanması istiqamətində işlər görülür.
Daylinews-az.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə keçirilən görüş zamanı danışıb.
“Bizim yaxşı layihələrimiz var: ‘Şimal-Cənub’ beynəlxalq nəqliyyat dəhlizi və logistika ilə əlaqədar digər layihələr. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində də layihələrimiz var. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”, – deyə Putin qeyd edib.
Putinin sözlərinə görə, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır və bu sahədə yeni sifarişlər nəzərdə tutulur. Bununla yanaşı, “Şimal–Cənub” nəqliyyat dəhlizinin inkişafı və ticarət dövriyyəsindəki artım iki ölkə arasında iqtisadi tərəfdaşlığın müsbət dinamikada davam etdiyini göstərir.





