Rusiyada fəaliyyət göstərən mobil rabitə operatorları üzərindən “.az” domen zonasında yerləşən internet saytlarına girişin məhdudlaşdırıldığı bildirilir.
Daylinews-az.com APA-ya istinadən xəbər verir ki, artıq bir həftədən çoxdur Rusiya ərazisində mobil şəbəkələr vasitəsilə “az” domenli veb-resurslara daxil olmaq mümkün deyil.
Qeyd olunur ki, bu məhdudiyyət yalnız mobil internetə aiddir. Belə ki, Wi-Fi şəbəkəsinə qoşulan mobil cihazlar və stasionar kompüterlər vasitəsilə “az” domenli saytların çoxuna giriş mümkündür. Bu isə məhdudiyyətlərin yalnız mobil operatorlar səviyyəsində tətbiq edildiyinə işarə edir.
Hazırda məhdudiyyətin nəyə görə tətbiq edildiyi və hansı səbəblə yalnız mobil provayderlərə şamil olunduğu barədə rəsmi açıqlama verilməyib. Eyni zamanda, bu problemin müvəqqəti, yoxsa davamlı xarakter daşıyacağı da məlum deyil.





