Sinqapur ardıcıl üçüncü ildir ki, varlı şəxslər üçün yaşayış baxımından dünyanın ən bahalı şəhəri elan olunub. Bu barədə İsveçrənin bank qrupu Julius Baer-in hesabatında qeyd olunur.
Reytinqdə kimlər var
İkinci yeri London, üçüncü yeri isə Honqkonq tutub. İlk beşliyə həmçinin Monako və Sürix daxil olub. Onların ardınca Şanxay, Dubay, Nyu-York, Paris və Milan gəlir.
Qiymətləndirmə zamanı varlı vətəndaşların istifadə etdiyi 20 məhsul və xidmətin qiymət indeksi əsas götürülüb. Bunlara bahalı avtomobillər, zinət əşyaları, hüquq xidmətləri və özəl məktəblərdə təhsil daxildir. Eyni zamanda 360 dollar milyoneri arasında keçirilən sorğunun nəticələri də nəzərə alınıb.
Julius Baer bildirir ki, lüks məhsullar və xidmətlər üzrə qiymətlər, adətən, ümumi inflyasiyadan iki dəfə daha sürətli artır. Məsələn, biznes-klass uçuşlarının qiyməti son bir ildə 18.2% artıb.
Hesabatda qeyd olunur ki, dünyanın ən bahalı üç şəhəri arasında iki Asiya şəhəri — Sinqapur və Honqkonq var.
“Asiya-Sakit Okean regionu dünyanın ən sürətli iqtisadi artım tempini göstərir. 2024-cü ildə regionun real ÜDM-i 4.5%, dünya iqtisadiyyatı isə ümumilikdə 3.3% artıb,” — deyə hesabatda bildirilir. “Bu da bölgədə var-dövlətin aktiv şəkildə toplanmasına gətirib çıxarıb. İlkin məlumata görə, keçən il Asiyada dollar milyonerlərinin sayı 5% artaraq 855 min nəfərə çatıb.”
Bundan əlavə, hesabatın ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını artırmaq barədə bəyanatından əvvəl tərtib edildiyi qeyd olunur. Bu addım qlobal bazarlarda dalğalanmalara və bir sıra aktivlərin yenidən qiymətləndirilməsinə səbəb olub. Xüsusilə, ABŞ dolları əsas dünya valyutaları qarşısında zəifləyib.





