Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Vladimir Zelenski ilə Vladimir Putinin görüşü Avropada baş tutmalıdır və o, sammitin Cenevrədə keçirilməsini dəstəkləyir.
Bu barədə BFMTV-yə istinadən Daylinews-az.com məlumat yayıb. Makron LCI telekanalına müsahibəsində bu təşəbbüsün “hipotezadan çox, kollektiv bir iradə” olduğunu bildirib. O, görüşün neytral ölkədə keçirilməsinin vacibliyini vurğulayaraq İsveçrəni və xüsusilə Cenevrəni önə çəkib: “Sonuncu dəfə ikitərəfli danışıqlar İstanbulda baş tutmuşdu”, – deyə Makron xatırladıb.
Eyni zamanda Fransa lideri Putinin hazırda Ukraynadakı müharibəni bitirmək istəyinə şübhə ilə yanaşdığını qeyd edib:
“Vəziyyətə və faktlara baxanda görürəm ki, prezident Putin indi sülhə çox da meylli deyil”.
Bununla belə, Makron Donald Trampın sülh sazişinə dair optimizmini yüksək qiymətləndirib:
“Əgər o, razılaşmaya nail ola biləcəyini düşünürsə, bu əla xəbərdir və biz uğur qazanmaq üçün əlimizdən gələni etməliyik”, – deyə əlavə edib.





