Ramazan və Novruz bayramları ərəfəsində sərnişin axınının artacağı nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” QSC (ADY) fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirəcək. Qeyri-iş günləri elan olunan 20–30 mart tarixləri ərzində dəmir yolu infrastrukturu və qatarların hərəkəti xüsusi nəzarət altında olacaq.
Şirkətin məlumatına görə, bu dövrdə əsas məqsəd sərnişinlərin və yüklərin təhlükəsiz, vaxtında və fasiləsiz daşınmasını təmin etməkdir. Bunun üçün qatar parkında və infrastrukturda mütəmadi texniki yoxlamalar aparılır, bütün hərəkət vasitələri əlavə baxışdan keçirilir.
Bayram günlərində səfər edənlərin sayının artacağı gözlənildiyi üçün bir sıra istiqamətlər üzrə əlavə qatar reysləri təyin edilib. Xüsusilə turizm bölgələrinə səfərlərin rahat təşkili üçün yeni qrafik hazırlanıb.
Turizm istiqamətlərinə əlavə qatar reysləri
Bayram günlərində ən çox seçilən marşrutlardan biri olan Bakı–Qəbələ–Bakı xətti üzrə 20–30 mart tarixlərində əlavə qatarlar hərəkət edəcək. Qatarlar səhər saat 07:30-da Bakıdan Qəbələyə, axşam isə 19:00-da Qəbələdən paytaxta yola düşəcək.
Eyni zamanda 18–30 mart tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə reyslər təşkil olunacaq. Bu qatarlar 08:30-da Bakıdan, 17:20-də isə Ağstafadan hərəkət edəcək.
Bakı–Qazax–Bakı marşrutu üzrə əlavə qatarlar isə 20, 22, 29 və 30 mart tarixlərinə planlaşdırılıb. Bu reyslərdə qatarlar 07:45-də Bakıdan, 16:40-da Qazaxdan yola düşəcək.
Sərnişinlər həmçinin gündəlik fəaliyyət göstərən Bakı–Qazax–Bakı qatarları vasitəsilə də səfər edə bilərlər. Bundan əlavə, Bakı–Ağstafa–Bakı marşrutunda bilet qiymətlərinə 10 faiz endirim tətbiq olunur.
Bayram günlərində Qarabağa səfər etmək istəyənlər üçün də əlavə qatarlar nəzərdə tutulub. 23 və 25 mart tarixlərində Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək. Bu istiqamətdə ənənəvi reyslər isə 21 və 28 mart tarixlərində həyata keçiriləcək. Qatarlar 07:10-da Bakıdan, 18:10-da Ağdamdan yola düşəcək.
Regional xətlərdə əlavə imkanlar
Bayram günlərində regionlararası səfərləri asanlaşdırmaq üçün digər istiqamətlərdə də əlavə xidmətlər təşkil edilib. 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə xətti üzrə qatarlar hərəkət edəcək. Bu marşrutda qatarlar 07:15-də Gəncədən, 08:40-da Mingəçevirdən yola düşəcək.
Gəncə–Qəbələ–Gəncə istiqamətində isə qatarların hərəkəti əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun davam etdiriləcək.
Turizm baxımından populyar bölgələrdən olan Şəki, Qax, Zaqatala və Balakən istiqamətlərində də sərnişin tələbatının artması gözlənilir. Bu səbəbdən 18, 19, 20, 27 və 29 mart tarixlərində Bakı–Balakən–Bakı marşrutunda qatarların tərkibinə əlavə vaqonlar qoşulub.
Eyni zamanda 20–30 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəlinə uyğun təşkil olunacaq.
Bayram günlərində sərnişinlərə operativ xidmət göstərmək üçün ADY-nin 24 saat fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzi də gücləndirilmiş rejimdə işləyəcək.
Qatarların hərəkət cədvəli və biletlərlə bağlı məlumat almaq istəyən sərnişinlər ADY-nin rəsmi internet saytından və ya “ADY Mobile” tətbiqindən istifadə edə bilərlər.





