Yer kürəsinin 4.5 milyard illik tarixi ərzində planetimiz çoxsaylı dəyişikliklərə məruz qalıb. Təxminən 200 milyon il əvvəl son superqitə olan Pangea parçalanmağa başladı. Plitə tektonikası ilə qitələr yavaş-yavaş indiki dünyanı formalaşdırdı.
1912-ci ildə alman meteoroloqu Alfred Veqner qitələrin bir vaxtlar vahid bir superqitədə birləşdiyini irəli sürdü və onu Pangea adlandırdı. Lakin 1960-cı illərə qədər yeni texnologiyalar – ekolotlar və maqnitometrlər – alimlərin yer qabığının hərəkət mexanizmini izah etməsinə imkan yaratdı.
Yeni Kəşf: Böyük Adriya
2019-cu ildə alimlər Aralıq dənizi regionunu araşdırdılar və bu ərazinin geoloji baxımdan olduqca mürəkkəb olduğunu aşkar etdilər. Utrext Universitetindən professor Douvə van Hinsbergen rəhbərliyindəki tədqiqat qrupu 10 il ərzində İspaniyadan İrana qədər əraziləri tədqiq edərək, bu regionun Afrika qitəsindən ayrılan və təxminən Qrenlandiya ölçüsündə olan kontinentin bir parçası üzərində yerləşdiyini aşkar etdilər. Bu kontinent “Böyük Adriya” adlandırılıb.
Böyük Adriyanın İzləri
Kontinentin böyük hissəsi Yer mantiyasına batıb, lakin onun bəzi parçaları Apenin, Alp, Balkan dağlarını, Yunanıstan və Türkiyənin bəzi ərazilərini formalaşdırır. Tədqiqatçıların sözlərinə görə, Adriatik dənizi və İtaliya ərazisində də bu itirilmiş qitənin qalıqları müşahidə edilə bilər.
Van Hinsbergen bildirir ki, bu geoloji strukturun əksər hissəsi mərcan rifləri ilə örtülüb və görünməz hala gəlib. Lakin bəzi hissələri hələ də müşahidə olunandır — İtaliya “çəkməsi”nin dabanından Turinədək uzanan bir zolaq buna nümunədir.





