İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa layihələrinin həyata keçirilməsi məqsədilə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi müddəti daha iki il uzadılıb. Bu müddət ərzində faydalı qazıntı yataqları birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək.
APA-nın verdiyi məlumata görə, Nazirlər Kabineti “Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi” barədə qaydalara müvafiq dəyişikliklər edib. Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən faydalı qazıntı yataqları, xüsusilə tikinti layihələrində tələb olunan qazıntı növləri və onların həcmi nəzərə alınaraq, 2027-ci il yanvarın 1-dək birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək.
Qeyd edək ki, əvvəlki qərara görə, bu proses 2025-ci il yanvarın 1-dək davam etməli idi. Lakin yeni qərarla bu müddət iki il uzadılaraq 2027-ci ilə qədər qüvvədə olacaq. Bundan əlavə, yeraltı qurğuların tikilməsi və istismarı üçün ayrılan sahələr də bu yeni müddət ərzində birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək.