EvİqtisadiyyatAzərbaycan heyva ixracında dünya sıralamasında üçüncü yerdədir

Azərbaycan heyva ixracında dünya sıralamasında üçüncü yerdədir

Azərbaycanın kənd təsərrüfatı sektoru dövlət dəstəyi və davamlı islahatlar nəticəsində keçən illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə qeyri-neft-qaz sahəsində önəmli paya sahib olan kənd təsərrüfatı, beynəlxalq təcrübə və qabaqcıl texnologiyaların tətbiqi ilə ölkənin ixrac potensialını artıraraq iqtisadiyyatın diversifikasiyasında mühüm rol oynayır. Bu inkişafın əhəmiyyətli istiqamətlərindən biri də heyvaçılıq sahəsidir ki, Azərbaycanın əlverişli mülayim iqlimi bu məhsulun yüksək məhsuldarlığını təmin edir.

Son illər aparılmış tədqiqatlara əsasən, ölkədə heyva bağlarının sahəsi dayanıqlı şəkildə artıb və 2024-cü ilin sonunda 4,4 min hektar təşkil edərək son on ildə 19 faiz yüksəliş göstərib. 2024-cü ildə məhsul yığımının həcmi 43,8 min tona çatıb ki, bu da əvvəlki ilə nisbətən 2, 2014-cü illə müqayisədə isə 61 faiz çoxdur. Ən geniş heyva əkin sahələri Mərkəzi Aran iqtisadi rayonunda yerləşir; burada ötən il 1,4 min hektar sahədən 16,6 min ton məhsul götürülüb. Ümumilikdə, bağların məhsuldarlıq göstəriciləri yüksəlməkdədir və 2024-cü ildə hektara düşən məhsuldarlıq 103,6 sentə çatıb. Xüsusilə Qazax-Tovuz və Mil-Muğan iqtisadi rayonları yüksək məhsuldarlıqla seçilir.

Azərbaycanda yetişdirilən heyva məhsulu beynəlxalq bazarlara da iri həcmdə ixrac olunur. Beynəlxalq Ticarət Mərkəzinin 2024-cü il statistik məlumatlarına görə, Azərbaycan dünyada təzə heyva ixracatçılarının sıralamasında üçüncü mövqedədir. Bu göstəricidə Türkiyə birinci, Niderland isə ikinci sıradadır. Ötən il Azərbaycanın heyva ixracından əldə etdiyi gəlir 2,7 milyon ABŞ dolları səviyyəsində olub və qlobal ixrac bazarında 8 faiz paya sahibdir. Əsas ixrac istiqamətləri Rusiya olmaqla yanaşı, məhsullarımız Qazaxıstan, Ukrayna, BƏƏ, Səudiyyə Ərəbistanı və Gürcüstan bazarlarını da əhatə edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər