EvCəmiyyətAzərbaycan qara kürüsünü Avropa İttifaqı bazarlarına çıxarmağa hazırlaşır

Azərbaycan qara kürüsünü Avropa İttifaqı bazarlarına çıxarmağa hazırlaşır

Yerli istehsal olan qara kürü qısa müddətdə Avropa İttifaqı ölkələrinin rəflərində yer ala bilər.

Bu məlumatı “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı təsdiqləyib.

“2025-cı ilin sonuna və yaxud 2026-cı ilin əvvəlinə Avropa İttifaqı ölkələrinə ixrac barədə düşünürük. Hazırda bu istiqamətdə danışıqlar aparılır, əlaqələr qurulur”, – deyə o qeyd edib.

Qara kürü ixrac potensialı yüksəkdir Z.Salmanlının bildirdiyinə görə, son dövrlərdə Azərbaycanda bir sıra yeni balıqçılıq obyektləri qurulub: “Onlar əsasən nərə cinsli balıq yetişdirilməsi üzrə ixtisaslaşıb. Bu balığa tələbat böyükdür, lakin onun kürüsünün ixracının daha böyük potensialı var. Biz İqtisadiyyat Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə təklif etmişik ki, nərə balığı yetişdirilməsinə və qara kürü istehsalına ayrıca yanaşılsın, bu sahədə xüsusi qayğı və dəstək göstərilsin. Bununla da Azərbaycan ənənəvi məhsullarından birinin hesabına dünyada tanınacaq, həm də iqtisadiyyatımıza ciddi töhfəsi olacaq”. Avropa İttifaqı 2025-2026-cı illər üçün Azərbaycana yetişdirilmiş nərə cinsindən alınan kürü ixracı üçün icazəni saxlayıb, bu da danışıqları asanlaşdırır. Vəziyyət perspektivlidir, lakin problemlər qalır Z.Salmanlının fikrincə, hazırda balıqçılıq sektorunda ümumi durum ümidvericidir, ancaq çətinliklər hələ də mövcuddur: “2024-cü ilin dekabrında ölkə Prezidentinin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Bununla balıqçılıqla bağlı bütün səlahiyyətlər Ekologiya Nazirliyindən alınaraq onlara verilib. Amma həmin Mərkəzin tam formalaşması və fəaliyyətinə obyektiv qiymət verilməsi üçün vaxt lazımdır. İşlər gedir, orada çalışan gənc mütəxəssislər əllərindən gələni edirlər ki, ən qısa zamanda nəticələr əldə olunsun.

Biz mərkəzlə mütəmadi əlaqə saxlayırıq. Yaxın günlərdə onlar genişmiqyaslı beynəlxalq tədbir keçirəcək və orada da bizim qurum təmsil olunacaq. Mövzular əsasən balıqçılıq sahəsinin inkişafı ilə bağlıdır. Hansı məsələlər prioritetdirsə, mərkəz onların üzərində işləyir. Ümid edirəm ki, 2026-cı ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin verdiyi dəstəkdən tam yararlanacağıq. Bu dəstək mexanizmlərinə vergidən azadolma, texniki dəstək və başqa mexanizmlər daxildir”. Təsərrüfatlar fəal qeydiyyata alınır Sədr vurğulayıb ki, indiki vaxtda Azərbaycanda balıqçılıq təsərrüfatlarının intensiv qeydiyyatı həyata keçirilir: “Qeydiyyatdan sonra onların idarə olunması mexanizmi müəyyən ediləcək. Balıq növlərinə görə sahə daxili alt-sektorların necə idarə olunacağına da qərar veriləcək. İşlər bu istiqamətdə davam edir”. Onun fikrincə, həyata keçirilən tədbirlər müsbət effekt verəcək və gələcək hesabatlara da təsir edəcək: “Bildiyiniz kimi, dövlət başçısı da tövsiyələrində ictimai təşkilatların iştirakına və ictimai rəyin öyrənilməsinə xüsusi diqqət ayırır. Biz də bu tövsiyə və tapşırıqlara uyğun olaraq çalışırıq. Dünya təcrübəsinə görə, ictimai təşkilatlara səlahiyyətlər verilməli, onlar iqtisadiyyatın müxtəlif sektorlarının idarə olunmasında yaxından iştirak etməlidirlər”. Balıq və dəniz məhsullarının istehsalı 2024-cü ildə Azərbaycanda ovlanmış və tutulmuş balığın həcmi 67 min 299 ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 1,2 faiz artım deməkdir. Keçən il kvota üzrə 7 946 ton balıq məhsulu ovlanıb, bu göstərici əvvəlki ilə nisbətən 2,2 dəfə çoxdur. Kvota çərçivəsində çapak, çəki, dabanbalığı, külmə, kütüm, xəşəm, durna balığı, kefal, naxa, sıf, xul balığı, nərəkimilər, qızılxallı (farel) kimi növlər ovlanıb. 2025-ci ilin ilk rübündə isə nərə kürüsü istehsalı 529 kq olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,1 dəfə artımdır.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər